8 Eylül 2013 Pazar

Etel Lilian Voyniç "Qırılmış Dostluq"

   Salamlar, uzun bir fasilədən sonra bloguma qovuşmuşam. Əslində blog yazmamağımın səbəbi kitab oxumamağım deyil tam tərsi, yazmadığım müddətdə nə az nə çox 4 kitab bitirmişəm. Lakin blog yazmağa necə deyərlər həvəs olmayıb. Etel lilian Voyniç ilə tanışlığım  Ovod əsəri ilə olub. Elə o əsərlə yazar, mənim sevimli yazarlar siyahıma daxil olmağı bacarmışdı. Yazar haqqında kiçik məlumat verim, Etel Lilian Voyniç məşhur ingilis yazıçısı və bəstəkarı olub. 1864-cü ildə İrlandiyadanın Kork şəhərində anadan olan bu xanımın əsil-kökü çox məşhurdur.
Atası İngiltərənin məşhur riyaziyyatçı və mütəfəkkiri Corc Bul olub. Dünyada ən hündür zirvə Etelin dayısı Corc Everestin adı ilə bağlıdır.
İlk dəfə ailə həyatını 1890-cı ildə quran Etelin yoldaşı, ədəbiyyatşünas və bibliofil V.M. Voyniç dünyada məşhur olan "Voyniç əlyazmaları"nın kəşfi ilə ad qazanıb (bu əlyazmalar Rocer Bekon adlı keşiş tərəfindən XIII əsrdə yazılıb və indiyə kimi hələ heç kəs bu yazıların şifrəsini aça bilməyib). Etel Lilian Voyniç 1960-cı il 28 iyulda Nyu-Yorkda vəfat edib. Vəsiyyətinə görə nəşi yandırılaraq külü Nyu-Yorkun mərkəzi parkına səpilib. 
Ovodun davamı olan "Qırılmış Dostluq" əsərini "Gəzən kitabxana"dan götürdüm.  Romanda  Ovodun Cənubi Amerikaya səfərindən bəhs edilir. Yenə mənə çox təsir etdi, yazarın qələminə bir daha pərəstiş etdim. Kitab haqqında çox yazmaq istəmirəm əgər siz "Ovod" əsərini oxumusunuzsa vaxt itirmədən "Qırılmış Dostluq" romanını da tapıb oxumalısınız. İnanın mənə peşman olmazsınız ;) 

Kitabdan seçdiklərim;
~ Amma bəzi şeylər uşaqlıqdan adamın ürəyinə batıb qalır, böyüdükdən sonra isə nə qədər çalışsan da onları çıxarda bilmirsən. Əlbəttə, səfehlikdir, amma əldən heç nə gəlmir~

~İndi mən çox adamın xoşuna gəlirəm – sadəcə ona görə ki, özümü təlxəkliyə vurub hamını əyləndirirəm. Bircə dəqiqə özüm kimi olsam, hamı mənim əleyhimə olar.~

~Görünür insan qışda isti geyimə büründüyü kimi bağlılıqlara da bürünür. Sonra isə onlar qızaraq, bədənə işləməyə başlayır və onları tələf etmək lazım gəlir.~

~Əgər nə vaxtsa bir insana rast gəlsən və sənə elə gəlsə ki … o, sənə və başqalarına oxşamır… aramıza gözqamaşdırıcı ulduz kimi gələn nadir insanlardan biri… çalış unutmayasan ki, bu cür insanları tanımaq – xoşbəxtlikdir, sevmək isə təhlükəlidir.~

Hiç yorum yok:

Yorum Gönder