Uzun, uzun çox-çox uzun bir fasilədən
sonra qərara gəldim ki, qaldığım yerdən başlayım blog yazmağa. Çox gözəl haldır
ki, bu aralar blogger-lərin sayı yaman çoxalıb. Bu bir tərəfdən məni
sevindirir, bir tərəfdən isə kədərləndirir. Səbəbini demirəm :D
Bu şəxs, bir çox məşhur filmlərin ssenaristi və
bestseller adını qazanmış əsərlərin müəllifidir. 1965-ci ildə Omaha, Nebraskada
dünyaya gəlmişdir. Əksər romanlarında sevgidən, eşq acısından, həyatın çətinliklərindən
və taledən yazır. Bu günə kimi 15 romanı yayımlanmışdır. Bunlardan 6-sının
filmi çəkilmiş, 2-sinin isə hələ də çəkim işləri davam etməkdədir.
Katolik ailəsində böyüyüb və ailənin ortancıl uşağıdır. 1984-cü ildə Bella Vista məktəbinin məzunu olmuş, daha sonra isə Notr Dam universitetinə daxil olmuşdur. Hal-hazırda isə ailəsi ilə birlikdə yaşamaqdadır.
Keçək əsərin mövzusuna, əsər iki fərqli insan arasında olan acı eşqdən bəhs edir. Savanna, gözəl, səmimi bir universitet tələbəsidir. Con isə sərt, yaraşıqlı, ali təhsili olmayan, hərbidə xidmət edən bir oğlan. Universitet tələbələrinin təşəbbüsü ilə Savanna, Con yaşadığı yerə xeyriyyə məqsədi ilə imkansız insanlara ev tikməyə gəlir. Təsadüfə bax ki, Con da eyni zamanda məzuniyyətdə olur. Savannanın gözəl, imkanlı ailəsi, atası-anası, dostları olduğu təqdirdə, Conun heç cür yola gedə bilmədiyi, ona qarşı həmişə soyuq davranan atasından, bir evdən və atasının qəpik kolleksiyasından başqa həyatda heçnəyi olmur.
Məhz
bu çatışmamazlıqlar və fərqliliklər iki başqa dünyaların insanlarını bir araya
gətirir. Və bu birgəlik yolunda onları nələrin gözlədiyini, həyatın onlara hansı
suprizləri hazırladığını bilmədən müvəqqəti bir xoşbəxtlik hissi ilə irəliləyirlər.
Kitabda mənə ən çox təsir edən münasibət, Con ilə atası arasında olan münasibət idi. Ümumiyyətlə mən ata və övlad münasibətləri barəsində çox həssasam və bu cür kitablar mənə çox təsir edir. Conun atasını bəyənməməsi, onda ancaq mənfi xüsusiyyətləri görməsi onu sonradan çox peşman edir. Atasının onun üçün hansı fədakarlıqları etdiyini öyrəndikdə onun dəyərini anlayır ancaq artıq çox gec olur. Məhz bu səhnə mənə o qədər təsir etmişdi ki, kitabı bağladım gedib atamı bərk-bərk qucaqladım J
Gəlin, sevdiklərimizin dəyərini onları itirmədən bilək, onlarla keçirdiyimiz hər
bir anı dəyərləndirək və özümüzü onların yerinə qoyaq.
Əsəri
bitirdikdə necə deyərlər xəyal qırıqlığı yaşadım. Daha xoşbəxt bir sonla bitməsini
istəyərdim. Sonra öyrəndim ki, sən demə, əsərin filmi də var imiş.Filmini izlədim
və çox məmnun oldum. Çünki əsərdən fərqli olaraq, film tam mən istədiyim kimi
bitmişdi.Bu əsəri,
romantikanı sevən bütün kitab qurdlarına məsləhət görərdim. Xoş mütaliələr!
Kitabdan seçdiklərim;
~ Atam həmişə deyirdi ki, əgər bir şeyə qarşı mübarizə edirsənsə, ətrafına bax, görərsən ki, hər kəsin öz döyüş meydanı var, hər kəs nə iləsə mübarizə aparır, hamı üçün çətindir, elə sənin üçün olduğu kimi.~
~Biz səninlə döyüş meydanında iki yaralı əsgərik, kömək edənimiz yox...~
Hiç yorum yok:
Yorum Gönder